“Şahdəniz-2” layihəsi üzrə planlaşdırılan hasilatın başlanması qrafikə uyğun irəliləyib
- 03 avqust, 2023
- 11:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin birinci yarısında Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz-2” layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin birinci yarısının nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Hesabat deyilir ki, quraşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasında üst modullarda davam edib. Layihə çərçivəsində şərq-şimal cinahının hasilat axın xətlərində suvurma, təmizləmə, ölçmə və hidrosınaq işləri uğurla yerinə yetirilib, cinahda bütün elastik monoborular quraşdırılıb, eləcə də “Şahdəniz Bravo” platforması ərazisində qalan qoşucu qovşaqların birləşdirilməsi işləri tamamlanıb.
İlin ilk altı ayında “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
“Şahdəniz 2” layihəsi çərçivəsində quyuların tamamlama işləri İstiqlal qazma qurğusu vasitəsilə davam edir.
Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.