Rövşən Nəcəf: "AÇG-də hasilatın azalması proqnozu onun potensialını tam əks etdirməyə bilər"
- 02 iyun, 2026
- 10:31
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilatın azalması ilə bağlı proqnozlar yatağın bütün potensialını tam əks etdirməyə bilər.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə bildirib.
Onun sözlərinə görə, azalma göstəriciləri əsasən mövcud quyuların hasilat dinamikasına əsaslanır: "Lakin yataqda qaz və neft laylarının işlənməsi üzrə yeni layihələr də nəzərə alınmalıdır. Bu amillər nəzərə alındıqda, AÇG-də hasilatın azalması 3 % səviyyəsində olmaya və hətta sabit qala bilər. Şirkət yataqda hasilatın artırılması imkanlarını da qiymətləndirir. Nəticə etibarilə, hətta uzun illərdir istismar olunan yataqlar belə müasir texnologiyalar, düzgün yanaşma, səmərəli tərəfdaşlıq və dövlət dəstəyi hesabına yeni inkişaf mərhələsinə keçə bilər".
SOCAR prezidenti qeyd edib ki, yetkin yataqların potensialı bir çox hallarda əvvəlki qiymətləndirmələrdən daha yüksək olur və düzgün investisiya qərarları ilə əlavə hasilat əldə etmək mümkündür.