Pərviz Şahbazov: "Azərbaycan-Türkiyə əməkdaşlığı enerji təhlükəsizliyinə töhfənin nümunəsidir"

Energetika
  • 17 aprel, 2026
  • 12:29
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə əməkdaşlığı enerji təhlükəsizliyinə töhfənin nümunəsidir

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq iki dost ölkənin uzun illər ərzində enerji təhlükəsizliyinin təmin edilməsinə necə töhfə verdiyinin bariz nümunəsidir.

"Report"un Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində energetika üzrə panel sessiyada bildirib.

O, birgə layihələrin uğurla həyata keçirildiyini xatırladıb, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, həmçinin 3 500 km uzunluğunda olan Cənub Qaz Dəhlizi, "hansı ki, tarixdə ilk dəfə Xəzər dənizini yeddi ölkə vasitəsilə Adriatik dənizi - İtaliyanın cənub hissəsi ilə birləşdirib".

"Enerji sektorunun dayanıqlığını təmin etməyə və enerji təhlükəsizliyinə ən yaxşı şəkildə zəmanət verməyə imkan yaradan yanaşma məhz budur. Bu, ardıcıl olaraq həyata keçirilən bir plan idi", - nazir qeyd edib.

P.Şahbazov həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırıb. "Biz bir çox ölkəni əməkdaşlığa dəvət edirik, tərəfdaşlarımızla daimi dialoq aparırıq və həmişə gələcək haqqında düşünürük. Məsələn, ildə 16 milyard kubmetrdən çox təbii qaz nəql edən Cənub Qaz Dəhlizi bu həcmlərin ikiqat artırılması potensialına malikdir. Lakin müəyyən dərəcədə iştirakçılar tərəfindən lazımi investisiya almayıb - o cümlədən Avropa İttifaqının "yaşıl" siyasəti səbəbindən", - Şahbazov əlavə edib.

44 - Tezliklə