Ötən il Səngəçal terminalından neft və kondensat ixracı artıb
- 09 fevral, 2023
- 10:46
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2022-ci ildə Səngəçal terminalından təxminən 232 milyon barel neft və kondensat ixrac edib.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2022-ci ilin yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Bildirilir ki, bu, 2021-ci ilin göstəriciləri ilə müqayisədə 1 milyon barel və ya 0,43 % çoxdur.
2022-ci il ərzində o cümlədən 225 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilib ki, bu da 2021-ci illə müqayisədə 25 milyon barel və ya 12,5 % çoxdur.
Ötən il 7 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə 24 milyon barel və ya 4,4 dəfə azdır.
2022-ci il ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 68 milyon standart kubmetr (təxminən 2 milyard 416 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib. Bu da 2021-ci ilin göstəriciləri ilə müqayisədə 7 milyon kubmetrdən və ya 11,5 % çoxdur.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetr təşkil edir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.