Ötən il Azərbaycan Türkiyəyə qaz nəqlini 17 %-dən çox artırıb

Energetika
  • 27 fevral, 2024
  • 12:17
Ötən il Azərbaycan Türkiyəyə qaz nəqlini 17 %-dən çox artırıb

2023-cü ildə Azərbaycandan Türkiyəyə ümumilikdə 10 milyard 257,22 milyon kubmetr təbii qaz ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə 17,8% çoxdur.

Ötən ilin dekabr ayında Azərbaycan Türkiyəyə 962,02 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2022-ci ilin dekabr ayı ilə müqayisədə 22,64 % çoxdur.

Bununla da dekabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 25,5 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, 2022-ci ilin dekabr ayında Türkiyə Azərbaycandan 784,39 milyon kubmetr təbii qaz idxal edib.

Ümumilikdə isə dekabrda Türkiyə ümumilikdə 6 milyard 063,12 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 4,38 % çoxdur.

Dekabrda Rusiya Türkiyəyə qaz ixracına görə birinci olub. 2023-cü ilin son ayında Rusiyadan Türkiyəyə 2 milyard 024,16 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2022-ci ilin dekabr göstəricisi ilə müqayisədə 4,02 % çoxdur.

Dekabrda üçüncü yerdə ABŞ qərarlaşıb. Bu ölkə dekabrda Türkiyəyə 1 milyard 176,77 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin dekabr ayı ilə müqayisədə 63,6 % çoxdur.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.