"Yapı Kredi Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb
- 13 oktyabr, 2026
- 09:40
Yeniliklərdən dərhal xəbərdar olun!
"Yapı Kredi Bank Azərbaycan" QSC bu ilin yanvar-sentyabr aylarını 9,247 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 % çoxdur.
9 ayda "Yapı Kredi Bank Azərbaycan"ın gəlirləri 76,13 milyon manat (1 il əvvələ nisbətən 30,5 % çox), xərcləri 57,391 milyon manat (30,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 6,97 milyon manat (28,1 % çox), mənfəət vergisi ödəmələri isə 2,522 milyon manat (91,8 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə "Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 1 milyard 8,938 milyon manat olub ki, bu da illik müqayisədə 53,5 % çoxdur. Bunun 532,555 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 31,5 % böyüyüb.
Hesabat dövründə "Yapı Kredi Bank Azərbaycan"ın öhdəlikləri 62,8 % artaraq 872,496 milyon manat, o cümlədən depozit portfeli 43,6 % artaraq 630,603 milyon manat, balans kapitalı isə 12,8 % artaraq 136,442 milyon manat olub.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.