Ötən il ABƏŞ SOCAR-a verdiyi səmt qazının həcmi açıqlanıb
- 09 fevral, 2023
- 10:22
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), əsasən, Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7 milyon kubmetr səmt qazı verib.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2022-ci il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bildirilir ki, ümumilikdə, hesabat dövründə SOCAR-a 2,6 milyard kubmetr səmt qazı verilib.
2022-ci il ərzində SOCAR-a verilən səmt qazının həcmi 2021-ci ilin göstəriciləri ilə müqayisədə 0,4 milyon kubmetr və ya 13,3 % azdır.
Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.
2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.