Ötən ay Azərbaycan polietilen ixracının həcmini 50 %-dən çox artırıb
- 17 fevral, 2022
- 13:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 15,427 min ton ilkin formalarda polietilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 21,950 milyon ABŞ dolları təşkil edib.
Bu, 2021-ci ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 50,7 % və 2,24 dəfə çoxdur.
2022-ci ilin yanvar ayı ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 9,45 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı 0,71 % olub.
Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.