OPEC bu il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu artırıb
- 17 yanvar, 2023
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı 2021-ci illə müqayisədə sutkada 34 min barel azalacaq və orta hesabla 700 min barel təşkil edəcək.
"Report" Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) istinadən xəbər verir ki, noyabr ayında əsas neft yataqlarından hasilatın gözləniləndən aşağı olması səbəbindən bu rəqəm gündəlik 7 min barel azalma istiqamətində yenidən nəzərdən keçirilib.
OPEC qeyd edib ki, noyabrda Azərbaycanda maye karbohidrogenlərin hasilatı aylıq nisbətdə dəyişməz qalaraq gündəlik orta hesabla 700 min barel təşkil edib. İllik nisbətdə bu göstərici gündəlik 46 min barel azalıb.
Rəsmi məlumatlara görə, xam neft hasilatı sutkada orta hesabla 553 min barel, “Şahdəniz”də isə orta hesabla 140 min barel olub.
Hesabata görə, gözlənilir ki, köhnə yataqlardakı əsas azalma digər yataqlarda, məsələn, BP-nin operatoru olduğu konsorsiumun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağında hasilatın artırılması ilə kompensasiya ediləcək.
OPEC və qeyri-OPEC nazirlərinin 33-cü iclasında razılaşdırılmış könüllü hasilat səviyyələrinə uyğun olaraq, 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 60 min barel artaraq orta hesabla 800 min barel olacağı proqnozlaşdırılır.
Artımın “Şahdəniz” və “Abşeron” qaz-kondensat layihələri ilə təmin ediləcəyi proqnozlaşdırılır. OPEC-in hesabatına görə, 2023-cü ildə “Mərkəzi Şərqi Azəri” layihəsi işə salındıqdan sonra hasilat daha da arta bilər.