OPEC bu il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu açıqlayıb

Energetika
  • 13 dekabr, 2023
  • 12:35
OPEC bu il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu açıqlayıb

Azərbaycanda 2023-cü ildə maye karbohidrogen hasilatının sutkada 30 min barel azalaraq orta hesabla 700 min barel səviyyəsinə çatacağı proqnozlaşdırılır.

"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) dekabr hesabatına istinadən xəbər verir ki, oktyabr ayında əsas neft yataqlarından hasilatın gözləniləndən aşağı olması səbəbindən bu rəqəm gündəlik 13 min barel azalma istiqamətində yenidən nəzərdən keçirilib.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları kimi köhnə laylardakı azalmaların bu il ilk növbədə digər yataqlardakı artımla kompensasiya ediləcəyi gözlənilir.

Oktyabrda Azərbaycanda maye karbohidrogenlərin hasilatı əvvəlki ayla müqayisədə demək olar dəyişməz qalıb, ötən illə müqayisədə gündəlik orta hesabla 69 min barel azalaraq 600 min barel təşkil edib. Rəsmi mənbələrə görə, xam neft hasilatı orta hesabla sutkada 489 min barel, “Şahdəniz” yatağından hasilat isə gündəlik olaraq 137 min barel təşkil edib.

OPEC-in hesablamalarına görə, 2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı sabit qalaraq orta hesabla 700 min barel olacağı proqnozlaşdırılır. Artımın qismən “Şahdəniz”, “Abşeron” və “Ümid Babək” qaz-kondensat layihələri hesabına baş verəcəyi proqnozlaşdırılır.

Gələn il AÇG-nin yeddinci platforması – “Azəri-Mərkəzi-Şərqi” (ACE) sayəsində Azərbaycanın AÇG neft yataqlarından hasilat da artmalıdır. "Bununla belə, ümumi azalma tempinin planlaşdırılan artımı kompensasiya edəcəyi gözlənilir”. - hesabatda deyilir.