OPEC bu il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu açıqlayıb

Energetika
  • 12 sentyabr, 2023
  • 13:12
OPEC bu il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu açıqlayıb

Azərbaycanda 2023-cü ildə maye karbohidrogen hasilatının sutkada dəyişməz qalaraq orta hesabla 700 min barel səviyyəsinə çatacağı proqnozlaşdırılır.

"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) sentyabr hesabatına istinadən xəbər verir ki, iyul ayında əsas neft yataqlarından hasilatın gözləniləndən aşağı olması səbəbindən bu rəqəm gündəlik 10 min barel azalma istiqamətində yenidən nəzərdən keçirilib.

“Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları kimi köhnə laylardakı azalmaların bu il digər yataqlardakı artımla kompensasiya ediləcəyi gözlənilir. "TotalEnergies" şirkəti iyul ayından Xəzər dənizinin Azərbaycan sektorunda "Abşeron" layihəsinin birinci fazasından qaz hasilatına başlayıb”, - deyə məlumatda deyilir.

İyulda Azərbaycanda maye karbohidrogenlərin hasilatı əvvəlki ayla müqayisədə bütövlükdə sabit qalıb və ötən illə müqayisədə gündəlik orta hesabla 46 min barel azalaraq 600 min barel təşkil edib. Rəsmi mənbələrə görə, xam neft hasilatı orta hesabla sutkada 501 min barel, “Şahdəniz” yatağından hasilat isə gündəlik olaraq 142 min barel təşkil edib.

OPEC-in hesablamalarına görə, 2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı 20 min azalaraq orta hesabla 700 min barel olacağı proqnozlaşdırılır. Artımın qismən “Şahdəniz”, “Abşeron” və “Ümid-Babək” qaz-kondensat layihələri hesabına baş verəcəyi proqnozlaşdırılır.

"Gələn il AÇG-nin yeddinci platforması – “Azəri-Mərkəzi-Şərqi” (ACE) sayəsində Azərbaycanın AÇG neft yataqlarından hasilat da artmalıdır. Bununla belə, ümumi azalma tempi planlaşdırılan artımdan daha yüksək olacaq", - hesabatda deyilir.

44 - Tezliklə