OPEC 2024-2025-ci illərdə Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu artırıb

Energetika
  • 17 yanvar, 2024
  • 13:30
OPEC 2024-2025-ci illərdə Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu artırıb

2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı 20 min barel artaraq orta hesabla 700 min barel olacağı proqnozlaşdırılır.

"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) yanvar hesabatına istinadən xəbər verir ki, artımın qismən “Şahdəniz”, “Abşeron” və “Ümid Babək” qaz-kondensat layihələri hesabına baş verəcəyi proqnozlaşdırılır. Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqlarından hasilat da bu il yatağın yeddinci platforması sayəsində artmalıdır.

Proqnozlara görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin tədarükü gündəlik olaraq təqribən 10 min barel artaraq, orta hesabla 700 min barel təşkil edəcək: “AÇG və “Ümid-Babək” kimi bir sıra layihələrdən hasilatın artmasının digər köhnə yataqlardan hasilatın azalmasını böyük ölçüdə kompensasiya edəcəyi gözlənilir”.

Azərbaycanda 2023-cü ildə maye karbohidrogen hasilatının sutkada 40 min barel azalaraq orta hesabla 700 min barel səviyyəsinə çatacağı proqnozlaşdırılır. Noyabr ayında əsas neft yataqlarından hasilatın gözləniləndən aşağı olması səbəbindən bu rəqəm gündəlik 11 min barel azalma istiqamətində yenidən nəzərdən keçirilib.

Noyabrda Azərbaycanda maye karbohidrogenlərin hasilatı əvvəlki ayla müqayisədə cüzi, 7 min barel səviyyəsində artıb, 2022-ci illə müqayisədə gündəlik həsilat orta hesabla 77 min barel azalaraq 600 min barel təşkil edib. Rəsmi mənbələrə görə, xam neft hasilatı orta hesabla sutkada 494 min barel, “Şahdəniz” yatağından hasilat isə gündəlik olaraq 139 min barel təşkil edib.

44 - Tezliklə