Nazir: "Sloveniya BOEM sahəsində Azərbaycanla əməkdaşlığı strateji cəhətdən vacib hesab edir"
- 27 oktyabr, 2025
- 17:41
Sloveniya ekoloji cəhətdən təmiz texnologiyaların (bərpa olunan enerji mənbələri, tullantıların intellektual idarəetmə sistemləri, enerji effektivliyi üzrə həllər və su resurslarının idarə edilməsi) işlənib hazırlanması və tətbiqində zəngin təcrübənin toplandığı "yaşıl keçid" sahəsində əməkdaşlığı gücləndirməyə can atır.
Bunu "Report"a müsahibəsində Sloveniya Respublikasının iqtisadiyyat, turizm və idman naziri Matyaj Han deyib.
"Biz bu sahələrdə Azərbaycanla əməkdaşlığı strateji cəhətdən vacib hesab edir və burada bilik, qabaqcıl təcrübə mübadiləsi və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsi üçün böyük potensial görürük", - nazir bildirib.
M. Han qeyd edib ki, Sloveniya və Azərbaycanın energetika nazirlikləri arasında imzalanmış Enerji sahəsində Anlaşma Memorandumu bərpa olunan enerji və təmiz texnologiyalar, o cümlədən hidrogen energetikasının inkişafı sahəsində tərəfdaşlığın gücləndirilməsi üzrə ümumi səyləri əks etdirir.
"Ümid edirik ki, bu əməkdaşlıq tədricən genişlənəcək və möhkəmlənəcək, enerji dayanıqlığı və iqlim neytrallığı kimi ümumi məqsədlərə xidmət edəcək", - o əlavə edib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.