Nazir: "Özbəkistan istilik generasiyası gücünü iki dəfə artırmaq istəyir"
- 01 iyun, 2026
- 15:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Özbəkistan uzunmüddətli perspektivdə hidroenergetika və enerji saxlanc sistemləri ilə yanaşı, atom energetikasını da milli enerji balansı strukturuna daxil etmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov 31-ci Bakı Enerji Forumu zamanı bildirib.
Onun sözlərinə görə, gələcəkdə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində atom energetikası, hidroakkumulyasiya stansiyaları və iri hidroenergetika layihələri mühüm rol oynayacaq: "Uzunmüddətli perspektivdə biz atom energetikasını enerji balansının bir hissəsi kimi nəzərdən keçiririk. Həmçinin Qırğızıstan ərazisində Tacikistan, Qırğızıstan və Qazaxıstanla birgə həyata keçirdiyimiz iri hidroenergetika layihələri də mühüm yer tutacaq".
Nazir əlavə edib ki, Özbəkistan bərpa olunan enerjini, o cümlədən kiçik və mini su elektrik stansiyasılarını inkişaf etdirməyə davam edir, həmçinin yeni istilik elektrik stansiyalarının tikintisi və modernləşdirilməsi proqramlarını həyata keçirir.
Onun sözlərinə görə, ölkə istilik generasiyası güclərini ikiqat artırmağı, eyni zamanda onun səmərəliliyini yüksəltməyi və tullantıların səviyyəsinə nəzarəti qoruyub saxlamağı planlaşdırır: "Bundan əlavə, regional elektrik enerjisi ticarətinin inkişafı, eyni zamanda Qazaxıstan, Tacikistan və Türkmənistan daxil olmaqla, Mərkəzi Asiya ölkələri ilə enerji əlaqələrinin genişləndirilməsi Özbəkistanın enerji strategiyasının mühüm hissəsidir".