Nazir: "Aİ-nin yeni qaydaları qlobal neft və qazın tədarükü üçün riskləri artıra bilər"

Energetika
  • 01 iyun, 2026
  • 14:39
Nazir: Aİ-nin yeni qaydaları qlobal neft və qazın tədarükü üçün riskləri artıra bilər

2027-ci ilə qədər qlobal neftin 87 %-ə qədəri və beynəlxalq qazın 43 %-i mövcud uyğunluq meyarlarına cavab verməkdə çətinlik çəkə bilər ki, bu da yeni tədarük şokları riskini artırır.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 31-ci Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, buna səbəb gələn il qüvvəyə minəcək Avropa İttifaqının (Aİ) metan emissiyalarının tənzimlənməsi qaydaları çərçivəsində tətbiq olunacaq tələblərdir.

O bildirib ki, enerjiyə keçid sürətlənsə belə, neft nəqliyyat, sənaye və kimya kimi sektorlarda uzun müddət əvəzolunmaz olaraq qalacaq: "Eyni zamanda, süni intellekt məlumat mərkəzləri və rəqəmsallaşmanın hərəkətverici qüvvəsi ilə elektrik enerjisinə olan tələbat, ümumi enerji tələbatından təxminən üç dəfə daha sürətlə artır ki, bu da enerji balansında təbii qazın əhəmiyyətini daha da gücləndirir. Bu reallıq göstərir ki, neft və qazın olmadığı bir dünyada enerji təhlükəsizliyinə nail olmaq qeyri-mümkündür. Əksinə, qlobal elektrikləşmə tendensiyası daha yüksək səviyyədə enerji təhlükəsizliyi tələb edir".

Nazir əlavə edib ki, elektrikləşmə və rəqəmsal texnologiyalar getdikcə mis, litium və nadir torpaq elementləri kimi kritik faydalı qazıntılardan daha çox asılı vəziyyətə gəlir: "Nəticədə enerji təhlükəsizliyi, kritik faydalı qazıntılar və tədarük zəncirləri milli təhlükəsizliyin əsas prioritetlərinə çevrilir".