İsrail sahillərində I Zonanın kəşfiyyatına sərmayə qoyuluşu on milyonlarla dollar məbləğində qiymətləndirilir
- 18 mart, 2025
- 11:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Böyük Britaniyanın BP və İsrailin “NewMed Energy” şirkətlər konsorsiumuna verilmiş lisenziyalar çərçivəsində işlər birinci mərhələdə seysmik və digər tədqiqatların aparılmasına yönələcək, bu tədqiqatların nəticələri əsasında ən perspektivli ərazilərdə kəşfiyyat qazmasının davam etdirilməsi barədə qərar qəbul ediləcək.
“Report” İsrailin Energetika və İnfrastruktur Nazirliyinə (EİN) istinadən xəbər verir ki, konsorsiumda iştirak edən hər bir şirkət EİN-in verdiyi 6 lisenziya üzrə ayrı-ayrılıqda hüquqların təxminən üçdə birini əldə edib.
Nazirliyin məlumatına görə, işlərin birinci mərhələsində investisiyaların məbləği on milyonlarla ABŞ dolları təşkil edəcək, "növbəti mərhələlərdə isə daha da çox ola bilər".
EİN xatırladır ki, lisenziyalar konsorsiuma Aralıq dənizində İsrailin Eksklüziv İqtisadi Zonasında I Blokda işlərin aparılması üçün verilib.
"Sahəsi təxminən 1 700 kvadrat kilometr olan I Zona İsrailin eksklüziv iqtisadi sularının şimal hissəsində yerləşir. Keçmişdə demək olar ki, tədqiq edilməmiş bu ərazidə birinci mərhələdə seysmik və digər tədqiqatların aparılması, ən perspektivli ərazilərdə kəşfiyyat qazmasının davam etdirilməsi barədə qərarın isə tədqiqatların nəticələri əsasında qəbul ediləcəyi gözlənilir", - məlumatda bildirilib.
Xəbər verildiyi kimi, SOCAR, “NewMed Energy” və BP şirkətlərinin daxil olduğu konsorsium 2023-cü ilin oktyabrında İsrailin Energetika Nazirliyinin "Leviafan" qaz yatağının yaxınlığında yerləşən “I-6” Zonasında kəşfiyyat işləri aparmaq üçün lisenziya tenderini qazanıb. Eyni zamanda, SOCAR layihənin operatoru seçilib.
Tender qaydalarına əsasən, kəşfiyyat lisenziyaları ilkin olaraq üç illik müddətə verilir. Bu müddət ərzində lisenziya sahibləri ayrılmış sahədə təbii qaz kəşfiyyatının potensialını qiymətləndirmək üçün icbari iş proqramını yerinə yetirməlidirlər.