Gürcüstan Azərbaycandan neft və neft yağlarının alışını sentyabrda 4 dəfə artırıb
- 21 oktyabr, 2025
- 15:10

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 65,6 milyon ABŞ dolları dəyərində 95,21 min ton neft və neft yağları idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq 0,4 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.
Təkcə sentyabr ayında isə Gürcüstan Azərbaycandan 15,3 milyon ABŞ dolları dəyərində 22,3 min ton neft və neft yağları alıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 3,5 dəfə və 4 dəfə çoxdur.
Bu ilin ilk 9 ayında Gürcüstan xarici ölkələrdən 972,24 milyon ABŞ dolları dəyərində 1 milyon 291 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 1 % az və 10 % çoxdur.
Hesabat dövründə Gürcüstana Rusiyadan 387,54 milyon ABŞ dolları dəyərində 554,6 min ton, Rumıniyadan 183 milyon ABŞ dolları dəyərində 242 min ton, Bolqarıstandan 136 milyon ABŞ dolları dəyərində 185 min ton, Türkiyədən 67 milyon ABŞ dolları dəyərində 73,9 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 1,2 milyard ABŞ dolları dəyərində 1,4 milyon ton neft və neft yağları alıb ki, bunun da 75,9 milyon ABŞ dolları dəyərində 95,95 min tonu Azərbaycanın payına düşüb.