“Günəşli” yatağında daha bir quyunun qazma işləri tamamlanıb

Energetika
  • 31 iyul, 2025
  • 12:07
“Günəşli” yatağında daha bir quyunun qazma işləri tamamlanıb

SOCAR AQŞ “Günəşli” yatağında 7 saylı platformadan 27 nömrəli quyunun qazma işlərini tamamlayıb və sifarişçi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinə təhvil verib.

Bu barədə “Report”a SOCAR AQŞ-dən məlumat verilib.

Bildirilib ki, layihə mürəkkəb geoloji şəraitdə icra olunub, planlaşdırılmış dərinlikdən daha dərinə peşəkarlıqla qazılıb. Quyunun bütövlüyünün və uzunmüddətli istismar etibarlılığının təmin olunması məqsədilə qabaqcıl kəmərendirmə və sementləmə texnologiyalarından istifadə olunub.

Quyu fontan üsulu ilə istismara təhvil verilib və hazırda yüksək hasilat göstəriciləri ilə fəaliyyət göstərir.

Qeyd edək ki, bu günədək SOCAR AQŞ tərəfindən “Günəşli” yatağında ümumilikdə 72 quyu qazılaraq sifarişçiyə yüksək hasilatla təhvil verilib.

Qeyd edək ki, SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Nobel Energy” və “Abşeron Qazma” MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.