“Equinor” 2024-cü ildə Azərbaycana yatırılan sərmayələrin həcmini açıqlayıb

Energetika
  • 20 mart, 2025
  • 16:38
“Equinor” 2024-cü ildə Azərbaycana yatırılan sərmayələrin həcmini açıqlayıb

Norveçin “Equinor” neft-qaz şirkəti 2024-cü ildə Azərbaycana 91 milyon ABŞ dollar sərmayə qoyub ki, bu da investisiya həcminin 120 milyon ABŞ dolları olduğu 2023-cü illə müqayisədə 24,17 % azdır.

Bu barədə “Report” şirkətin hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, “Equinor”un 2024-cü il üçün Azərbaycanda əldə etdiyi gəlirləri 46,44 % azalaraq 188 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda, şirkətin xərclərinin dəyəri 42,25 % artaraq 101 milyon ABŞ dollarına çatıb. Bu göstəriciyə satınalmalar, əməliyyat, kommersiya, inzibati xərclər, habelə kəşfiyyat xərcləri (xalis dəyərsizləşmə istisna olmaqla) daxildir.

Xatırladaq ki, 2023-cü il dekabrın 22-də “Equinor” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ölkədəki aktivlərini satmaq üzrə müqavilə bağlayıb. Sövdələşmə çərçivəsində şirkət “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsi layihələrində və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində, o cümlədən “Qarabağ” yatağı layihəsində 50 %-lik paylarını SOCAR-a verib. “Qarabağ” layihəsində iştirak payının satışı üzrə sövdələşmə 2024-cü ilin aprelində bağlanıb.

Bundan əlavə, 2024-cü ilin iyul ayında “Equinor” SOCAR və “ONGC Videsh Limited” ilə AÇG layihəsində 7,27 %, BTC boru kəmərində isə 8,71 %-lik payı satmaq üçün yekun müqavilə imzalayıb.

“Equinor” Azərbaycandakı aktivlərinin satışından 713 milyon ABŞ dolları əldə edib.