EBRD Trans-Adriatik Kəmərin ətraf mühitə təsiri ilə bağlı sənədləri açıqlayıb

Energetika
  • 19 dekabr, 2017
  • 12:46
EBRD Trans-Adriatik Kəmərin ətraf mühitə təsiri ilə bağlı sənədləri açıqlayıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Trans-Adriatik Boru Kəməri (TAP) üzərində Ətraf mühitə və sosial sahəyə Təsirin qiymətləndirilməsinin (Environmental and Social Impact Assessments - ESIA) yekunlaşması ilə bağlı məlumat yayıb.

“Report” xəbər verir ki, bu barədə Bankın yaydığı məlumatda deyilir.

ESIA ilə yanaşı ətraf mühit və sosial idarəetmə planları daxil olmaqla kreditorların məlumat paketi, maraqlı tərəflərin öhdəlik planları, ətraf mühit, sosial və mədəni irslə bağlı durum, bərpa planı və digər yardımçı sənədlər də açıqlanıb.

Hesabatı tam əldə etmək istəyənlər TAP-ın Yunanıstan, Albaniya, İtaliyada yerləşən ofislərinə müraciət edə bilər.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

44 - Tezliklə