Vitali Yakovlev: Azərbaycanın vençur bazarının əsas problemlərindən biri maliyyələşməyə çıxışdır

Maliyyə
  • 29 noyabr, 2026
  • 23:19
Vitali Yakovlev: Azərbaycanın vençur bazarının əsas problemlərindən biri maliyyələşməyə çıxışdır

Sonrakı maliyyələşmə mərhələlərinə çıxışın məhdud olması Azərbaycanın vençur ekosisteminin gələcək inkişafına mane olan əsas amillərdən biri olaraq qalır.

"Report" xəbər verir ki, bu barədə KPMG-nin Azərbaycandakı rəhbəri, eləcə də audit şirkətinin Qafqaz və Mərkəzi Asiya regionunda infrastruktur sektorunun rəhbəri Vitali Yakovlev noyabrın 29-da Bakıda "PASHA Holding" tərəfindən təşkil olunan ikinci "INMerge" investisiya forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, startap ekosisteminin inkişafına və ilk institusional vençur fondlarının yaranmasına baxmayaraq, biznesin genişləndirilməsi üçün kapitala çıxış məhdud olaraq qalır.

"Biz şirkətlər yaratmağa başlayırıq. Onları maliyyələşdirməyə başlayırıq. Çətinlik isə şirkətlər böyüdükcə bu maliyyələşməni davam etdirməkdir", - ekspert qeyd edib.

KPMG-nin Azərbaycandakı rəhbəri bildirib ki, vençur maliyyələşməsinin həcmi artsa da, oxşar problemlər region səviyyəsində də müşahidə olunur.

Onun təqdim etdiyi məlumatlara görə, 2025-ci ildə Mərkəzi Asiyada vençur investisiyalarının həcmi rekord - 320 milyon dollara çatıb. Bununla belə, ümumi maliyyələşmənin əhəmiyyətli hissəsi "Uzum" və "Higgsfield" texnologiya şirkətlərinin iştirak etdiyi iri sövdələşmələrin payına düşüb. Bu isə region bazarında investisiyaların yüksək dərəcədə cəmləşdiyini göstərir.

V.Yakovlevin fikrincə, vençur ekosisteminin gələcək inkişafı yalnız investisiyaların həcminin artırılmasını deyil, həm də startapların investisiya cəlb etməyə hazırlıq səviyyəsinin yüksəldilməsini, korporativ idarəetmənin təkmilləşdirilməsini və beynəlxalq kapitalın cəlb olunması imkanlarının genişləndirilməsini tələb edir.

"Region eyni zamanda iki məhdudiyyətlə üzləşir. Ona daha çox kapital lazımdır. Bununla yanaşı, investisiya cəlb etməyə hazır olan və bu kapitaldan səmərəli istifadə edə bilən daha çox şirkətə ehtiyac var", - ekspert bildirib.

Problemin həlli vasitələrindən biri vençur fondlarının peşəkar idarəçilərini dəstəkləməyə və əlavə investorların cəlb edilməsinə imkan verəcək fondlar fondu ("Fund of Funds") yaradıla bilər.

V.Yakovlev qeyd edib ki, belə mexanizmin yaradılması artıq Azərbaycanın 2026-2028-ci illər üzrə rəqəmsal inkişaf tədbirləri planında nəzərdə tutulub. Onun həyata keçirilməsinin 2027-ci ilin iyununda başa çatdırılması planlaşdırılır.

Bununla yanaşı, ekspert strateji satışlar, ikinci dərəcəli sövdələşmələr və səhmlərin potensial olaraq fond bazarında yerləşdirilməsi də daxil olmaqla, investorların şirkətlərin kapitalından çıxış mexanizmlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

"Vençur kapitalı birtərəfli pul axını ola bilməz. Əgər investorlar daim startaplara kapital yatırır, lakin sonradan investisiyalarını reallaşdıra bilmirlərsə, ekosistem özünü təmin edən sistemə çevrilə bilməz", - KPMG-nin Azərbaycandakı rəhbəri bildirib.

Onun sözlərinə görə, ilkin maliyyələşmədən beynəlxalq miqyasda genişlənməyə və investorların şirkət kapitalından çıxışına qədər tam investisiya dövrünün formalaşdırılması Azərbaycanın vençur bazarının gələcək inkişafını müəyyən edən əsas amillərdən biri olacaq.

44 filmi