Dünya Bankı Azərbaycanda BOEM sahəsində görüləcək işlərin dəyərini və həcmini açıqlayıb

Energetika
  • 29 avqust, 2024
  • 17:34
Dünya Bankı Azərbaycanda BOEM sahəsində görüləcək işlərin dəyərini və həcmini açıqlayıb

Azərbaycan hökuməti 2027-ci ilə qədər 1 QVt günəş və külək enerjisini ümumi elektrik şəbəkəsinə inteqrasiya etməyi planlaşdırır.

Bu barədə “Report” Dünya Bankının Azərbaycanda bərpa olunan enerji mənbələrindən (BOEM) istifadənin genişləndirilməsi layihəsinə (AZURE) dair hesabatına istinadən xəbər verir.

Plana əsasən, 2026-cı ilin aprel ayınadək Neftçala rayonundakı “Bankə” (315 MVt) və Biləsuvar rayonundakı “Biləsuvar” (445 MVt) günəş elektrik stansiyaları şəbəkəyə qoşulacaq. 2026-cı ilin oktyabrınadək 240 MVt gücündə olacaq “Abşeron” külək elektrik stansiyasının şəbəkəyə qoşulmasının başa çatdırılması nəzərdə tutulur.

Layihə Dünya Bankı və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilir və onun ümumi dəyəri 294,5 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Layihənin oktyabrın 31-də Dünya Bankının Direktorlar Şurası tərəfindən təsdiqlənməsi gözlənilir.

Azərbaycan hökuməti 500/330/10 kV-luq “Nəvahi” yarımstansiyasının 330 kV-luq hissəsinin tikintisini və “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarının müvafiq olaraq 330 və 500 kV-luq hava xətləri vasitəsilə “Nəvahi” və “Abşeron” yarımstansiyalarına qoşulmasını maliyyələşdirəcək.

Dünya Bankı “Nəvahi” yarımstansiyası (2x 500 MVA) üçün avadanlıqların təchizatı və quraşdırılmasını, həmçinin “Abşeron” yarımstansiyasında, Azərbaycan İES-də, Mingəçevir SES-də, “Qobu” və “Ələt” elektrik stansiyalarında 500 və 330 kV-luq “yuvalar”ın genişləndirilməsini maliyyələşdirəcək.

Dünya Bankının sərmayəsi həmçinin ötürmə şəbəkəsinin gücləndirilməsinə, sistem əməliyyatlarının təkmilləşdirilməsinə, eləcə də layihənin həyata keçirilməsinə və potensialın artırılmasına dəstək olacaq. Hökumət və Dünya Bankı tərəfindən maliyyələşdirilən tikinti işləri 330 kV-luq elektrik şəbəkəsinin daha əvvəl başa çatdırılmasına üstünlük verilməklə paralel aparılacaq.

Layihə Azərbaycanın cənub və mərkəzi hissələrini, o cümlədən 11 rayonu – Neftçala, Biləsuvar, Salyan, Hacıqabul, Qaradağ, Yevlax, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı və Ağsunu əhatə edir və M60 Bakı-Qazax yolu boyunca uzanır. Layihə Kür, Girdimançay, Türyançay, Göyçay çayları və Yuxarı Şirvan kanalı ilə kəsişəcək.

Layihə çərçivəsində tikiləcək yeni hava xətləri mövcud şəbəkənin etibarlılığının yüksəldilməsi və Azərbaycanın qərb və şimal-qərb bölgələrinin, eləcə də Gürcüstan və Türkiyəyə ixrac xətlərinin dayanıqlı enerji təchizatının təmin edilməsinə yönəlib. “Nəvahi” yarımstansiyası Azərbaycanın cənub bölgəsindən qərb bölgəsinə, o cümlədən Ələt Azad İqtisadi Zonasına elektrik enerjisinin ötürülmə qabiliyyətini artıracaq ki, bu da enerji təchizatının etibarlılığını daha da yüksəldəcək.

44 - Tezliklə