Bu il “Şahdəniz” yatağından qaz hasilatı ilə bağlı gözləntilər açıqlanıb
- 04 iyun, 2024
- 14:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il “Şahdəniz” qaz-kondensat yatağından qaz hasilatının 27,1 milyard kubmetr olacağı gözlənilir.
Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
“2024-cü ildə “Şahdəniz” yatağından 27,1 milyard kubmetr qaz və 4,1 milyon ton kondensat hasil ediləcəyi gözlənilir”, - şirkət qeyd edib.
Ümumilikdə, hasilat başlanandan və 2024-cü il mayın 1-nə olan məlumata görə, yataqdan 218,3 milyard kubmetr qaz və 45,9 milyon ton kondensat hasil edilib.
“BP-Azerbaijan” şirkətinin məlumatına görə, 2023-cü ildə “Şahdəniz” yatağından 26 milyard kubmetr təbii qaz və 4 milyon tondan çox kondensat hasil edilib. Beləliklə, 2024-cü ildə bu yataqdan qaz hasilatı 4,2 %, kondensat hasilatı 2,5 % artacaq.
2024-cü il mayın 1-nə dünya bazarlarına 155,2 milyard kubmetr qaz ixrac edilib.
Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).