Bu il konsorsiumdan SOCAR-a verilən səmt qazı 20 % artıb

Energetika
  • 05 noyabr, 2024
  • 12:09
Bu il konsorsiumdan SOCAR-a verilən səmt qazı 20 % artıb

BP və tərəfdaşları Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən, Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,5 milyon kubmetr səmt qazı verib.

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, ümumilikdə, hesabat dövründə SOCAR-a 1,8 milyard kubmetr səmt qazı təhvil verilib.

SOCAR-a verilən səmt qazının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 milyard kubmetr və ya 20 % çox olub.

Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

44 - Tezliklə