Bu il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 2 dəfədən çox artıb

Energetika
  • 14 mart, 2022
  • 14:00
Bu il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 2 dəfədən çox artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 5 milyon 575 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % azdır.

Bu ilin yanvar-fevral aylarında nəqletmənin 76,7 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Hesabat ayları ərzində BTC vasitəsilə 4 milyon 276,9 min ton neft ötürülüb. Bu isə 2021-ci ilin iki ayı ilə müqayisədə 3,6 % azdır.

Ötən aylar ərzində BTC kəməri ilə 800,9 min ton tranzit nefti də nəql edilib ki, bu da 2021-ci ilin ilk iki ayının göstəricisi ilə müqayisədə 2,04 dəfə çoxdur.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.