Bu ay D230 blokunda 3-ölçülü seysmik tədqiqat işlərinə başlanılacaq
- 05 noyabr, 2019
- 10:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ay Xəzərin Azərbaycan sektorunda yerləşən D230 blokunda 3-ölçülü seysmik tədqiqat işlərinə başlanılması planlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabatda qeyd edilib.
Məlumatda deyilir ki, D230 blokunda noyabr ayında 3-ölçülü seysmik tədqiqat aparılması planlaşdırılır: “Əldə edilmiş nəticələrdən asılı olaraq ilk kəşfiyyat quyusunun planlaşdırılmasına da 2020-ci ildə başlanacaq”.
Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimali Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.
25-illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.
D230 saylı blok Azərbaycanın sahil xəttindən, təxminən, 80 km məsafədə yerləşir və təxminən, 3,222 km² ərazini əhatə edir. Suyun dərinliyi 100 m və 800 m arasında dəyişir.