BP sentyabrda D230 blokunda 3 ölçülü seysmik tədqiqata başlamağı planlaşdırır
- 04 iyul, 2019
- 08:41
Xəzərin Azərbaycan sektorunda yerləşən D230 blokunda bu ilin sentyabr ayında 3 ölçülü seysmik tədqiqat işlərinə başlanılması planlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns bildirib.
Onun sözlərinə görə, bu tədqiqatın nəticələrindən asılı olaraq ilk geoloji kəşfiyyat quyusunun gələn ilin ortalarında qazılması nəzərdə tutulur: “Bu blok böyük gələcək vəd edən və neft ehtiyatları olması ehtimal olunan müqavilə sahəsidir”.
Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimali Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.
25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.
D230 saylı blok Azərbaycanın sahil xəttindən, təxminən, 80 km məsafədə yerləşir və təxminən, 3,222 km² ərazini əhatə edir. Suyun dərinliyi 100 m və 800 m arasında dəyişir.