BP: “Şahdəniz-2” çərçivəsində dənizdə boruların quraşdırılması işləri başa çatıb”
- 09 fevral, 2023
- 14:13
2022-ci ildə “Şahdəniz-2” layihəsi çərçivəsində şərq-şimal boruları da daxil olmaqla dənizdə bütün boruların quraşdırılması işləri başa çatıb.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2022-ci il üzrə biznesə dair yaydığı hesabatda qeyd edilib.
Hesabata görə, şərq-şimal cinahında həm sualtı, həm də “Şahdəniz Bravo” platformasında üst modullarda quraşdırma işləri davam edib.
Bildirilib ki, şərq-şimal cinahının birbaşa elektrik isitmə kabelləri və hasilatı idarəetmə sistemləri üçün sualtı elastik kabellərinin düzülməsi, bağlanması və üst modullara birləşdirilməsi işləri davam edib.
Ümumilikdə, şərq-şimal cinahında bütün sualtı quraşdırma işləri 2023-cü ilə planlaşdırılan hasilatın başlanması istiqamətində qrafikə uyğun davam edib.
2022-ci ildə “Şahdəniz Alfa” platformasında quyularda bir sıra işlər aparılıb, planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilib, sonra isə platformanın qazma qurğusunda profilaktik işlər davam edib.
“İstiqlal” və “Maersk Explorer” qazma qurğuları “Şahdəniz-2” layihəsi çərçivəsində ümumilikdə 21 quyu qazıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
Qeyd edək ki, 2021-ci ildə “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olundu. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.
Qeyd edək ki, layihədə BP (operator – 29,99 %), “Lukoil” (19,99), SOCAR - (14,35 %), "SGC Upstream" (6,67 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.