BP: Ötən il “Şahdəniz” yatağından qaz hasilatı 8 %-ə yaxın artıb

Energetika
  • 13 fevral, 2025
  • 12:20
BP: Ötən il “Şahdəniz” yatağından qaz hasilatı 8 %-ə yaxın artıb

Ötən il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 28 milyard standart kubmetr qaz və 4 milyon tondan artıq (təqribən 35 milyon barel) kondensat hasil edilib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2024-cü ilin yekunları üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Hesabat dövründə “Şahdəniz” yatağından qaz hasilatının həcmi 2023-cü ilin göstəriciləri ilə müqayisədə 2 milyard standart kubmetr və ya 7,7 % çoxdur. 2023-cü illə müqayisədə isə kondensatın hasilatı eyni həcmdə qalıb.

İl ərzində “Şahdəniz” yatağından Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 79 milyon (ildə 29 milyarddan artıq) standart kubmetrdir.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10 %) şirkətləri iştirak edir.