BP meneceri: "Transformasiya düşüncə dəyişikliyi olmadan mümkün deyil"

Energetika
  • 11 iyun, 2026
  • 12:55
BP meneceri: Transformasiya düşüncə dəyişikliyi olmadan mümkün deyil

Transformasiya düşüncə dəyişikliyi olmadan mümkün deyil və texnologiya təkbaşına transformasiya üçün kifayət etmir.

"Report" xəbər verir ki, bunu BP-nin Transformasiya və texnologiyalar üzrə meneceri Marianna Kərimova "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda deyib.

Onun sözlərinə görə, texnologiyanın özü heç vaxt təkbaşına həll deyil: "Transformasiya bütün şirkətlərdən cəsarət, sadiqlik, dözümlülük və dəyişməyə hazır olmağı tələb edir. Mən təkcə neft-qaz sənayesini deyil, ümumilikdə bütün şirkətləri nəzərdə tuturam. Çünki əsas məsələ iş üsullarını dəyişmək və yeni reallığa uyğunlaşmaqdır. Təsəvvür edin, 15 il eyni sahədə, eyni obyekt üzrə çalışan bir insan birdən anlayır ki, əlçatan texnologiyalar fonunda onun gördüyü iş artıq əvvəlki kimi yetərli deyil. Bu, yalnız əməliyyat səviyyəsində deyil, düşüncə tərzində də ciddi bir dönüş yaradır. Əgər bu düşüncə dəyişikliyi yalnız işçidə deyil, onun menecerində, həmin menecerin rəhbərində və bütövlükdə bütün idarəetmə zəncirində dəstəklənirsə, əsl transformasiya məhz o zaman başlayır. Çünki transformasiya heç vaxt bir nəfərin işi deyil".

Şirkət rəsmisi bildirib ki, bunu həm yuxarıdan-aşağıya yanaşma ilə etmək mümkündür: "Biz bunu sınamışıq və müəyyən uğurlar da əldə etmişik. Amma mənim gördüyüm ən effektiv transformasiya, xüsusilə "BP-Azərbaycan"ın təcrübəsində, aşağıdan-yuxarıya doğru baş verən dəyişiklikdir. Yəni insanlar gündəlik iş prosesində istifadə etdikləri texnologiyaya özləri toxunduqda, onu mənimsədikdə və bu, onlara əlavə yük kimi deyil, işin təbii hissəsi kimi göründükdə, təkcə bir müəssisədə deyil, qlobal miqyasda da onlar bu dəyişimin ən güclü tərəfdarına çevrilirlər".

O qeyd edib ki, BP-nin Azərbaycandakı fəaliyyətində tətbiq edilən bir çox yeniliklər əvvəlcə ölkədə sınaqdan keçirilir, daha sonra şirkətin fəaliyyət göstərdiyi digər regionlarda da sürətlə tətbiq olunur.