BP BDU üçün yeni rəqəmsal kitabxananın yaradılmasına dəstək olub
- 18 fevral, 2026
- 10:34
Bu gün Bakı Dövlət Universitetində (BDU) BP şirkəti rəqəmsal şəkildə idarə olunan müasir kitabxananın yaradılmasını nəzərdə tutan sosial investisiya layihəsini uğurla başa çatdırıb.
"Report" xəbər verir ki, bu təşəbbüs BP-nin Azərbaycanda təhsilin inkişafına və potensialın artırılmasına dəstək öhdəliyinin bir hissəsidir.
Yeni rəqəmsal kitabxana tələbələr və müəllim heyəti üçün geniş bilik bazasına məsafədən və birbaşa çıxış imkanı yaratmaqla BDU-da təhsil prosesini əhəmiyyətli dərəcədə gücləndirməyə kömək edəcək. O, həmçinin məlumatlara çıxışı və məlumatların toplanmasını asanlaşdıracaq, eyni zamanda istifadəçilərə məzmunu paylaşmaq, mürəkkəb axtarışlar yerinə yetirmək və tədqiqat məlumatlarını saxlamaq imkanı verəcək.
BDU-nun mövcud kitabxanasında təxminən 2,5 milyon nadir kitab, əlyazma və tarixi sənədlər saxlanılır. Yeni sistem müasir rəqəmsal arxivləşdirmə və inventar idarəetməsi təcrübələrini tətbiq etməklə bu dəyərli kitabxana fondunun qorunması və saxlanmasının təkmilləşdirilməsinə kömək edəcək.
Layihəyə üç əsas komponent daxil idi: Birinci əsas komponent bütün kitabxana fondunun elektron məlumat bazası vasitəsilə tam şəkildə idarə olunmasını təmin edən xüsusi proqram təminatının hazırlanması, kitablara izləmə çiplərinin tətbiqi, eləcə də əl terminallarının və çiplə təchiz edilmiş materialların proqram platformasına tam inteqrasiyası daxil olmaqla, effektiv inventar idarəetmə sisteminin yaradılmasıdır. Üçüncü komponent isə yeni rəqəmsal kitabxana sisteminin səmərəli fəaliyyəti üçün zəruri fiziki infrastrukturun quraşdırılmasıdır.
Layihənin ümumi dəyəri 805 290 manat (təxminən 473 700 ABŞ dolları) təşkil edir və bu məbləğ proqram təminatının hazırlanmasını, inventar idarəetmə sisteminin yaradılmasını, eləcə də bütün lazımi avadanlıq və infrastrukturun quraşdırılmasını əhatə edir.
Tədbir zamanı BP və Bakı Dövlət Universiteti həmçinin potensial birgə layihələr üçün çərçivə müəyyən edən əməkdaşlıq sazişi imzaladılar. Sazişin imzalanmasında əsas məqsəd universitet ekosisteminin daha da gücləndirilməsi və biliklərin artırılmasına dəstək verməklə uzunmüddətli akademik inkişaf və innovasiyalar üçün şəraitin yaradılmasıdır.