Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə cüzi azalıb

Energetika
  • 15 mart, 2024
  • 09:54
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə cüzi azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 7 milyard 343,9 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,6 % azalma müşahidə olunub.

Hesabat dövrünə qaz nəqlinin 48,8 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 3 milyard 586,2 milyon kubmetr qaz ötürülüb. Bu, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 0,4 % azdır.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.