Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə I rübdə nəqletmə cüzi artıb

Energetika
  • 15 aprel, 2024
  • 10:25
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə I rübdə nəqletmə cüzi artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 11 milyard 133,6 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə 2023-cü ilin eyni dövrünə nisbətən 1,2 % artım müşahidə olunub.

Hesabat dövrünə qaz nəqlinin 50,1 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 5 milyard 582,1 milyon kubmetr qaz ötürülüb. Bu, 2023-cü ilin ilk rübü ilə müqayisədə 1,3 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.