“Azərkontrakt” bu il “Şahdəniz”dən alacağı qazın həcmi açıqlanıb

Energetika
  • 03 iyul, 2024
  • 09:24
“Azərkontrakt” bu il  “Şahdəniz”dən alacağı qazın həcmi açıqlanıb

Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC 2024-cü ildə “Şahdəniz” yatağından azı 3 milyard kubmetr qaz alacaq.

“Report” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabatına istinadən xəbər verir.

“2021-ci ilin aprelin 16-da Azərbaycan Qaz Təchizatı Şirkəti (AGSC) ilə “Azərkontrakt” arasında imzalanmış qaz alqı-satqısı müqaviləsinə uyğun olaraq, AGSC 2024-cü ildə və sonrakı illərdə “Şahdəniz” yatağından 3 milyard kubmetr qaz tədarük edəcək”, - şirkətin məlumatında qeyd edilib.

Bundan başqa, AGSC-nin 2024-cü ildə və sonrakı illərdə “Azərkontrakt”a təqribən 1,5 milyard kubmetr həcmində qaz verməklə bağlı müqavilə öhdəlikləri var.

AGSC 2002-ci ildə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən qazı Azərbaycan, Gürcüstan, Türkiyə və Avropaya satmaq məqsədi ilə yaradılıb.

Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC 1996-cı il dekabrın 17-də yaradılıb. 2021-ci ildən “Azərkontrakt” SOCAR-ın funksiyalarından birini - təbii qazın topdansatış alqı-satqısını həyata keçirməyə başlayıb. 2021-ci ildən “Azərkontrakt” qaz hasilatı və paylayıcı şirkətləri ilə enerji istehsalçıları arasında vasitəçi kimi fəaliyyət göstərir.