Azərbaycanın Rusiya ilə qaz ticarətinin həcmi açıqlanıb

Energetika
  • 31 avqust, 2023
  • 11:14
Azərbaycanın Rusiya ilə qaz ticarətinin həcmi açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Rusiyadan 800 milyon 665,76 min kubmetr təbii qaz idxal edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rusiyadan Azərbaycana ixrac edilən təbii qazın dəyəri 143 milyon 225,18 min ABŞ dolları təşkil edib. Bu tədarüklər ötən ilin noyabrın 15-də “Qazprom Eksport” MMC ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanmış yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində həyata keçirilib.

Həmin müqaviləyə əsasən, bu ilin ilk yarım ilində Azərbaycan Rusiyaya 326 milyon 532,4 min kubmetr təbii qaz ixrac edib. Bu dövrdə ixrac edilən “mavi yanacağ”ın ümumi dəyəri 55 milyon 519,51 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, sonuncu dəfə Azərbaycandan Rusiyaya 2014-cü ildə təbii qaz ixrac edilib. Həmin dövrdə qonşu ölkəyə 189 milyon 885 min kubmetr “mavi yanacaq” göndərilib. Göndərilən təbii qazın ümumi dəyəri isə 45 milyon 761 min ABŞ dolları təşkil edib.

Bu ilin ilk 6 ayında isə Azərbaycanın ümumi təbii qaz idxalı 1 milyard 532 milyon 874,07 min kubmetr təşkil edib. Bu da 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 1 milyard 173 milyon 927,16 min kubmetr və ya 4,3 dəfə çoxdur. İdxal edilən təbii qazın dəyəri il ərzində 218 milyon 023,06 min ABŞ dolları və ya 7,3 dəfə artaraq 252 milyon 413,48 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Rusiya qazının Azərbaycana tədarükü ötən ilin noyabrın 15-dən başlanılıb və 2023-cü ilin mart ayına qədər davam edib. Müqaviləyə görə, Azərbaycana 1 milyard kubmetr qazın tədarükü gözlənilirdi.

Azərbaycan Rusiyaya qaz ixracını Bakı-Novo-Filya qaz kəməri ilə həyata keçirir. Bakıdan Rusiya sərhədinə qədər Xəzər dənizinin sahili boyunca 200 km uzunluğunda olan Azərbaycan-Rusiya qaz kəməridir və bu kəmər vasitəsilə təbii qaz həm Rusiya bazarına, həm də əks rejimdə Azərbaycana verilir.

44 - Tezliklə