Azərbaycanın neft koksunun ixracından qazancı 2 dəfədən çox artıb

Energetika
  • 20 may, 2025
  • 10:12
Azərbaycanın neft koksunun ixracından qazancı 2 dəfədən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 48 min 599,81 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 15 milyon 310,73 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 40,1 % az və 2,3 dəfə çoxdur.

Ötən üç ay ərzində neft koksunun ölkənin ümumi ixracında payı 0,17 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.