Azərbaycandan Serbiyaya ixrac olunan qazın həcmi açıqlanıb
- 16 oktyabr, 2024
- 08:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin əvvəlindən Azərbaycan Serbiyaya 29 milyon kubmetrdən çox təbii qaz tədarük edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Azərbaycan qazının Serbiyaya tədarükünə bu ilin fevralında başlanılıb.
Cari ilin fevral-avqust aylarında Serbiyaya 10 milyon 399,9 min ABŞ dolları dəyərində 29 milyon 176,14 min kubmetr qaz tədarük edilib.
Təkcə avqust ayında Azərbaycan Serbiyaya 1 milyon 274,5 min ABŞ dolları dəyərində 3 milyon 139,92 min kubmetr qaz tədarük edib.
Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsinin qeydə aldığı (bəyan edilən) həcmlərdən gedir.
Xatırladaq ki, 2023-cü il noyabr ayının 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın “Srbijagas” şirkəti arasında Azərbaycan qazının Serbiyaya tədarükü haqqında müqavilə bağlanıb. Müqavilədə 2024-2026-cı illərdə 400 milyon kubmetrə qədər Azərbaycan qazının tədarükü nəzərdə tutulub və 2027-ci ildən etibarən bu həcm artırıla bilər. Bundan başqa, bu il sentyabrın 26-da SOCAR və “Srbijagas” şirkəti 1 noyabr 2024-cü il - 1 aprel 2025-ci il tarixləri arasında əlavə gündəlik 1 milyon kubmetr Azərbaycan qazının təchizatı haqqında alqı-satqı müqaviləsi imzalayıb.