Azərbaycanda 500 kV-luq ən yüksək gərginlikli yeni enerji dəhlizi yaradılır
- 23 noyabr, 2026
- 10:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan enerji sisteminin mövcud ən böyük və ən yüksək gərginlikli ötürmə xətlərindən birinin tikintisinə start verilib.
"Report" "AzərEnerji" ASC-yə istinadən xəbər verir ki, "Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi - AZURE" layihəsinin ikinci mərhələsi çərçivəsində Mingəçevirdən Nəvahi istiqamətində 235 kilometr uzunluğunda 500 kilovoltluq yüksəkgərginlikli ötürmə xəttinin çəkilməsinə başlanılıb.
Ölkənin mövcud ən yüksək gərginlik sinfi üzrə inşa edilən 500 kilovoltluq bu xətt, enerji sisteminin ötürmə imkanlarının genişləndirilməsi, yeni yaradılan bərpa olunan enerji mənbələrinin təhlükəsiz və etibarlı şəkildə vahid enerji sistemə inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Layihə, eyni zamanda, Azərbaycanın qərb, mərkəz və şərq regionlarını əhatə edən 500 kilovoltluq dairəvi enerji sxeminin formalaşdırılmasını, enerjinin uzaq məsafələrə daha az itki ilə ötürülməsini təmin edəcək. Bununla yanaşı, enerji sistemində tezlik və güc balansının tənzimlənməsi, enerji axınlarının çevik idarə olunması imkanlarını genişləndirəcək.
Qeyd edək ki, AZURE layihəsinin birinci mərhələsi çərçivəsində bu günədək mühüm infrastruktur işləri həyata keçirilib. "AzərEnerji"nin daxili imkanları və bir hissəsi də dövlət büdcəsindən ayrılmış vəsait hesabına ölkənin ən böyük yarımstansiyalarından biri olan - yeni 500/300 kilovoltluq "Nəvahi Yaşıl Enerji Qovşağının" tikintisi başa çatdırılıb. Eləcə də ümumi uzunluğu 245 km-dən artıq olan Nəvaidən Abşerona 500 kilovoltluq, "Biləsuvar" və "Bankə" günəş elektrik stansiyalarına isə 330 kilovoltluq ötürmə xətlərinin çəkilməsi yekunlaşıb. Nəticədə, hər iki günəş elektrik stansiyasının ölkənin vahid enerjisisteminə qoşulması üçün zəruri infrastruktur yaradılıb və bu istiqamətdə nəzərdə tutulan öhdəliklər yerinə yetirilib.
AZURE layihəsinin ikinci mərhələsində isə Dünya Bankının maliyyə dəstəyi çərçivəsində "Nəvahi Yaşıl Enerji Qovşağı"nın transformator və reaktorlarla təchiz edilməsi, Nəvahiyə Mingəçevir istiqamətində 500 kilovoltluq, Ələt, Abşeron və Qobu istiqamətlərində isə 330 kilovoltluq yeni ötürmə xətlərinin çəkilməsi nəzərdə tutulur. Artıq 500 kV-luq Mingəçevir–Nəvahi xəttinin tikintisinə başlanılıb. 330 kV-luq 3 ötürmə xəttinin inşasına isə yaxın vaxtlarda start veriləcək.
Beləliklə, AZURE layihəsi Azərbaycanın bərpa olunan enerji potensialının reallaşdırılmasına, yüksəkgərginlikli ötürücü infrastrukturun inkişafına və ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək.