ABİF-in sədri: "İtaliya şirkətləri üçün Azərbaycanda böyük potensial var"

Biznes
  • 23 noyabr, 2026
  • 10:25
ABİF-in sədri: İtaliya şirkətləri üçün Azərbaycanda böyük potensial var

İtaliya şirkətlərinin Azərbaycandakı layihələrdə iştirakı üçün böyük potensial var.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin (ABİF) fdİdarə Heyətinə sədri Ülvi Mansurov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

Onun sözlərinə görə, birgə müəssisənin yaradılması, istehsal müəssisələrinin qurulması, qabaqcıl texnologiyaların tətbiqi nəzərdə tutan innovativ və perspektivli təşəbbüsləri böyük maraqla qarşılanır: "Bu istiqamətdə Fond özəl sektorun inkişafı və investisiya təşəbbüslərinin reallaşdırılmasını dəstəkləyən mühüm maliyyə institutu kimi çıxış edir. İdarəetməsində təxminən 1 milyard ABŞ dolları dəyərində aktiv olan dövlət maliyyə institutu kimi kapital investisiyaları, güzəştli kreditlər, dövlət zəmanətləri və faiz subsidiyaları kimi maliyyə alətləri təqdim edirik. Fondun əsas məqsədi özəl sektorun maliyyə resurslarına çıxışını asanlaşdırmaq, investisiya risklərini bölüşdürmək, özəl kapitalın cəlb edilməsini təşviq etməkdir".

Ü.Mansurov qeyd edib ki, ABİF müxtəlif layihələrdə 30 %-ə qədər pay sahibidir, bununla yanaşı güzəştli kreditlər də verir: "Bu mexanizm dövriyyə kapitalının maliyyələşdirilməsi, kapital xərcləri, yaşıl təşəbbüslər, strateji investisiya layihələri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələr, eləcə də mikromaliyyələşdirmə də daxil olmaqla müxtəlif biznes ehtiyaclarını əhatə edir. Layihənin xüsusiyyətlərindən asılı olaraq güzəştli kreditlərin məbləği 30 milyon manata və yaxud təxminən 18 milyon ABŞ dolların qədər ola bilər. Kredit 10 ilə qədər, illik 5-8%-lə verilir. ABİF həmçinin dövlət zəmanəti və faiz subsidiyası mexanizmlərini tətbiq etməklə sahibkarların maliyyələşdirmə imkanlarının genişləndirilməsinə dəstək göstərir. Bu proqramlar çərçivəsində müvafiq meyarlara cavab verən layihələr maliyyə vəsaiti əldə edə bilərlər. Bu zəmanət layihənin yerləşdiyi ərazidən və müvafiq proqram tələblərindən asılı olaraq kredit məbləğinin 90 %-nə qədər dövlət zəmanəti ilə təmin olunur. Eyni zamanda verilən kreditin faiz dərəcəsinin yarısını 3 ilə qədər müddətdə subsidiya şəklində ödənilir".