Azərbaycanda 10 ayda mazut və sürtkü yağlarının istehsalı artıb

Energetika
  • 20 noyabr, 2026
  • 15:49
Azərbaycanda 10 ayda mazut və sürtkü yağlarının istehsalı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyon 190,2 min ton avtomobil benzini istehsal edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 2,7 % azdır.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5 milyard 146,8 milyon manat olmaqla, əvvəlki ilin eyni vaxtı ilə müqayisədə 4,3 % azdır.

Ötən 10 ay ərzində Azərbaycanda 113,3 min ton mazut istehsal edilib. Bu göstərici 2025-ci il ilin 10 ayı ilə müqayisədə 96,7 % çoxdur.

Ötən aylar ərzində Azərbaycanda 2 milyon 021,9 min ton həcmində dizel yanacağı istehsal edilib ki, bu göstərici də ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,1 % azdır.

Hesabat dövründə 38,2 min ton sürtkü yağları, 147,3 min ton neft bitumu istehsal edilib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 24,3 % çox, neft bitumunun istehsalı isə 31,1 % azalıb.

Həmçinin, hesabat dövründə ölkədə 150,9 min ton maye qazlar, 482,1 min ton ağ neft, 214,3 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda neft koksunun istehsalı 12 % artıb, ağ neftin istehsalı 17,2 %, maye qazların istehsalı isə 20,4 % azalıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.