Azərbaycan-ABŞ enerji əməkdaşlığında yeni mərhələnin prioritetləri müzakirə olunub - YENİLƏNİB
- 10 sentyabr, 2025
- 18:09

Azərbaycan və ABŞ arasında enerji əməkdaşlığında yeni mərhələnin prioritetləri müzakirə olunub.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazovla ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brendan Hanrahan arasında keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də keçirilmiş Vaşinqton görüşünün ikitərəfli və regional münasibətlərin, eləcə də enerji əməkdaşlığının yeni mərhələyə yüksəlməsini təmin edən strateji əhəmiyyətindən bəhs edilib. Bu xüsusda enerji sahəsində sərmayələrin və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi kimi əməkdaşlıq prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasından irəli gələn məsələlər nəzərdən keçirilib.
Azərbaycanın strateji əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin reallaşmasında ABŞ-nin mühüm rolu vurğulanıb və ölkəmizin Avropaya enerji təchizatının davamlılığında Birləşmiş Ştatlarla əməkdaşlığın vacibliyi qeyd edilib.
Ölkəmizin neft-qaz sektorunda uzunmüddətli tərəfdaşı "ExxonMobil" şirkəti ilə əməkdaşlığın quruda yeni layihələrlə genişləndirilməsi, həmçinin "SOCAR Trading" vasitəsilə ABŞ-yə mayeləşdirilmiş qaz (LNG), xam neft və neft məhsullarının ticarəti sahələrində əməkdaşlığın cari vəziyyəti və perspektivlər nəzərdən keçirilib. Karbohidrogen və bərpa olunan enerji sahələri, xüsusilə Azərbaycanla Türkiyə və Avropanı Naxçıvan, Ermənistan, Qara dəniz və Gürcüstan üzərindən əlaqələndirəcək, Xəzər dənizi vasitəsilə Azərbaycan-Mərkəzi Asiya enerji bağlantılarını təmin edəcək "yaşıl enerji dəhliz"ləri layihələri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. ABŞ şirkətləri və investorları potensial layihələrdə iştiraka dəvət edilib.
Azərbaycan və ABŞ arasında enerji sahəsində sərmayələrin genişləndirilməsi kimi prioritetləri müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, nazir ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun baş rəsmisi Brendan Hanrahan ilə görüşüb.
Görüşdə yeni mərhələyə yüksələn enerji əlaqələrinə dair səmərəli müzakirələr aparılıb.
"Azərbaycanın enerji təchizatçısı missiyasının davam etdirilməsində ABŞ ilə əməkdaşlıq, Azərbaycanı Türkiyə, Avropa və Mərkəzi Asiya ilə müxtəlif istiqamətlərdə əlaqələndirən regional bağlantılar və enerji sahəsində sərmayələrin genişləndirilməsi kimi prioritetləri dəyərləndirdik", deyə P.Şahbazov bildirib.