Azərbaycan şirkəti ABŞ, Asiya və Yaxın Şərqdə biznesi genişləndirməyi hədəfləyib

Energetika
  • 02 iyun, 2026
  • 10:52
Azərbaycan şirkəti ABŞ, Asiya və Yaxın Şərqdə biznesi genişləndirməyi hədəfləyib

Azərbaycanın "GL Group" enerji şirkəti yaxın 18-24 ay ərzində IPO keçirməyi planlaşdırır.

"Report"un məlumatına görə, bunu qrupun baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov 31-ci Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, "GL Group" Azərbaycanın ilk özəl neft-qaz şirkətidir və bu gün ölkənin beş yatağında fəaliyyət göstərir.

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə çox yaxşı tərəfdaşlığımız formalaşıb və bununla fəxr edirik. Biz Azərbaycanda texniki xidmət şirkətinə, həmçinin Türkiyədə sıx qaz hasilatı layihəsində 25 %-lik paya və Kanada şirkətinin 25 % səhminə sahibik. Hazırda biz fəal şəkildə ABŞ bazarına çıxırıq, Yaxın Şərq və Asiyada yeni sövdələşmələrlə bağlı danışıqlar aparır, Azərbaycandakı fəaliyyətimizi genişləndirməyə davam edirik. Biz həmçinin geoloji kəşfiyyatla da məşğul olmaq istərdik - bunun üçün burada olduqca əlverişli şərait var. Hələlik danışıqlar davam edir və hələ razılaşmalar əldə olunmayıb", - A.Zeynalov qeyd edib.

O bildirib ki, artıq gələn ay şirkət pre-IPO mərhələsinə keçid barədə elan edəcək.

"Məqsədimiz yaxın 18-24 ay ərzində IPO keçirməkdir. Bundan başqa, ilin sonuna qədər istismar olunan qazma qurğularının sayını birdən dördə çatdırmağı və beş əsaslı təmir qurğusu tətbiq etməyi planlaşdırırıq", - şirkət rəhbəri əlavə edib.

44 - Tezliklə