Azərbaycan “Premium Euro-95” markalı benzin idxalını təxminən 66 % artırıb

Energetika
  • 17 aprel, 2024
  • 06:55
Azərbaycan “Premium Euro-95” markalı benzin idxalını təxminən 66 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 12 min 375,37 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edilib və bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 65,7 % çoxdur.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Hesabat dövründə idxal olunan “Premium Euro-95” markalı benzinin qiyməti 11 milyon 763,46 min ABŞ dolları (69,1 % çox) olub.

İdxalın strukturunda 6 milyon 856,11 min ABŞ dollarlıq (1,4 % az) tədarükün 61,4 %-i və ya 7 min 593,09 tonu (1,7 % çox) Rusiyanın payına düşüb.

Tədarükün qalan hissəsi bu ölkələrin: Yunanıstan - 1 milyon 133,37 min ABŞ dollarına 1 min 111,14 ton, Bolqarıstan - 1 milyon 455,63 min ABŞ dollarına 1 min 288,34 ton, Rumıniya - 1 milyon 173,16 min ABŞ dollarına 1 min 107,22 min ton, Birləşmiş Ərəb Əmirlikləri - 697,45 min ABŞ dollarına 782,77 ton, Belarus - 447,74 min ABŞ dollarına 492,8 ton.

Statistikaya görə, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana “Super Euro-98” markalı benzinin idxalı cəmi 327,59 min ABŞ dolları dəyərində 267,21 ton təşkil edib.

Xatırladaq ki, “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinlərinin Azərbaycana idxalı 2014-cü il aprelin 1-dən başlanılıb.