Azərbaycan polipropilen ixracından gəlirini 16% artırıb
- 18 aprel, 2022
- 12:49
Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 20 min 960 ton ilkin formalarda polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 31,112 milyon ABŞ dolları təşkil edib.
Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,6 % az və 16,1 % çoxdur.
Hesabat dövründə polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,3 %, ilkin formalarda polipropilenin ölkənin ümumi ixracındakı payı isə 0,4 % olub.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.