Azərbaycan İtaliyaya neft ixracını 20 % azaldıb
- 17 avqust, 2022
- 11:33
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İtaliyaya 6 milyon 679,4 min ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 4 milyard 979,2 milyon ABŞ dolları təşkil edib.
7 aylıq ixtacın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 % az, dəyəri isə 36,3 % çoxdur.
Hesabat dövründə Azərbaycandan İtaliyaya ixrac edilmiş xam neftin ümumi ixracda payı 30,3 % olub.
Xatırladaq ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 16 milyon 414 min 905 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.Bu miqdarda məhsulun dəyəri 12 milyard 397 milyon 710 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 59 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ötən 7 ayda xarici ticarət dövriyyəsinin 22 milyard 565 milyon dolları ixracın, 7 milyard 494 milyon dolları isə idxalın payına düşüb.