Azərbaycan I rübdə idxal etdiyi “AI-92” markalı benzinin həcmini açıqlayıb

Energetika
  • 22 may, 2025
  • 10:17
Azərbaycan I rübdə idxal etdiyi “AI-92” markalı benzinin həcmini açıqlayıb

Bu ilin I rübündə Azərbaycan 42 milyon 214,3 min ABŞ dolları dəyərində 53 min 265,1 ton “AI-92” markalı avtomobil benzini idxal edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunmuş benzinin həcmi 5,5 dəfə, dəyəri isə 5,4 dəfə artıb.

İdxalın strukturuna gəlincə, yanvar-mart aylarında Azərbaycan Rusiyadan 30 milyon 816,1 min ABŞ dolları (+3,9 dəfə) dəyərində 39 min 916,45 ton (+4,1 dəfə) benzin idxal edib. Hesabat dövründə Azərbaycana “AI-92” markalı benzinin idxalında Rusiyanın payı 74,9 % təşkil edib.

Bundan başqa, Rumıniyadan 2 milyon 978,6 min ABŞ dolları dəyərində 3 min 670 ton, Belarusdan isə 8 milyon 419,5 min ABŞ dolları dəyərində 9 min 678,6 ton benzin idxal edilib.

Azərbaycanda "AI-92" markalı avtomobil benzini Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.

44 - Tezliklə