Azərbaycan hidrogen istehsalı üçün yol xəritəsinin hazırlanması üzrə məsləhətçi seçir
- 29 oktyabr, 2025
- 10:44
Azərbaycan üçün hidrogen istehsalı sahəsində yol xəritəsinin hazırlanması üzrə məsləhətçi şirkətin seçimi final mərhələyə daxil olub.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, beynəlxalq konsaltinq şirkətləri bu layihədə iştirakda böyük maraq göstərirlər:
"Artıq qısa siyahı (short list) formalaşdırılıb. Texniki tapşırıq geniş şəkildə müzakirə olunub. Hidrogenlə bağlı Azərbaycanın geosiyasi mövqeyinin verdiyi üstünlüklərdən, neft potensialından və enerji təchizatı balansının güclü olmasından maksimum yararlanmağa çalışacağıq. Hidrogen enerjisi gələcəyin əsas enerji mənbələrindən birinə çevrilməlidir və yəqin ki, çevriləcək".
C.Abdullayev əlavə edib ki, Azərbaycan artıq enerji səmərəliliyini də mühüm enerji mənbəyi kimi nəzərdən keçirməyə başlayıb:
"Hazırda ölkədə enerji səmərəliliyinin iqtisadi və rəqəmsal göstəriciləri müəyyən edilib. Bu istiqamətdə görülən işlərin yaxın vaxtlarda nəticə verəcəyinə ümid edirik. Nə qədər səmərəli fəaliyyət göstərsək, bir o qədər də enerji istehsalımız və ixrac strukturumuz mütənasib şəkildə təkmilləşəcək".