Azərbaycan Çexiyaya neft ixracından qazancını 82 %-dək artırıb
- 25 mart, 2023
- 12:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Çexiyaya 257 min 848,9 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 161 milyon 999,43 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Çexiyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 57,7 %, dəyəri isə 81,6 % çoxdur.
Bu ilin ilk iki ayında Azərbaycandan Çexiyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 4,98 % olub.
Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 5 milyon 175 min 061,27 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 3 milyard 250 milyon 676,94 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 171 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 2 aylıq xarici ticarət dövriyyəsinin 4 milyard 520 milyon ABŞ dolları ixracın, 2 milyard 651 milyon ABŞ dolları isə idxalın payına düşüb.