Azərbaycan bu il İtaliyaya neft ixracını 45 %-dən çox artırıb
- 20 iyun, 2025
- 14:14
Bu ilin yanvar-may aylarında Azərbaycandan İtaliyaya 5 milyon 730 min 746,71 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 3 milyard 088 milyon 100,61 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 45,2 %, dəyəri isə 22,5 % artıb.
İtaliyaya tədarük edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 55,3 % olub.
Gömrük bəyannamələrinə əsasən, bu ilin yanvar-may aylarında Azərbaycan 5 milyard 642 milyon 731,28 min ABŞ dolları dəyərində 10 milyon 363 min 108,79 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 1,1 milyon ABŞ dolları ixracın, 9 milyard 964,8 milyon ABŞ dolları isə idxalın payına düşüb.