Fransada polis və etirazçılar arasında toqquşmalar olub, 500 nəfər saxlanılıb

Digər ölkələr
  • 09 oktyabr, 2026
  • 01:05
Fransada polis və etirazçılar arasında toqquşmalar olub, 500 nəfər saxlanılıb

Fransada davam edən etiraz aksiyaları zamanı polis və nümayişçilər arasında növbəti toqquşmalar baş verib, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə ediblər.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Le Monde" məlumat yayıb.

Məlumata görə, Parisdəki Bastiliya meydanında vəziyyət axşama doğru gərginləşib. Gərginlik ən çox Bomarşe bulvarında və opera teatrının yaxınlığında müşahidə olunub. Bəzi etirazçılar polis kordonuna müxtəlif əşyalar atıblar.

Polis gözyaşardıcı qaz, səs-işıq qumbaraları və su şırnaqları tətbiq edərək meydanın mərkəzini təmizləməyə başlayıb.

Fransa Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, toqquşmalar nəticəsində 48 polis əməkdaşı və jandarm yaralanıb. Qurumun məlumatında bildirilib ki, oktyabrın 8-də keçirilən nümayişlərdə 24 500-ü Parisdə olmaqla 71 500 nəfər iştirak edib, 504 nəfər həbs olunub.

Ədliyyə Nazirliyi və Bordo prokurorluğundan bildirilib ki, maskalı şəxslərdən ibarət qrup Kapusinlər rayonundakı polis bölməsinə hücum edib. Onlar polis bölməsinin əsas girişindəki zibil qutularını yandırıblar, sonra alov binaya keçib. Faktla bağlı cinayət işi başlanıb.

Ümumilikdə, Fransa hakimiyyəti ölkənin bir neçə regionunda etiraz aksiyaları çərçivəsində zorakılığın artdığını qeyd edir.